Satınalan təşkilat tender prosesi zamanı nümunə tələb edə bilərmi? Bu sualın konkret nə “hə” cavabı var nə də ki, “yox”. Fikrimizi biraz daha açaq, ilk öncə özəl təşkilatlardakı prosesin necə getdiyinə nəzər salaq.
Satınalma prosesini kompleks bir proses olaraq götürək. Bir tərəfdə satınalmaya qədər olan hissə, mərkəzdə satınalma, digər tərəfdə təchizatçılar. Satınalmaya qədər formalaşıb gələn texniki spesifikasiyaya (lazım olduğu zaman satınalma və sifarişi texniki spesifikasiyanı formalaşdıra bilər) uyğun olaraq prosedurlar çərçivəsində tender keçirilir. Bütünlüklə hər bir özəl təşkilatda satınalma prosesi üçün prosedurlar yazılır. Prosedurlarda alış üsulları üçün məbləğlər qeyd edilir ki, bu satınalmaçılar üçün əsas sənəddir.
Dövlət sektoru üçün alışlar qanunlara əsaslanır. Dövlət sektoru dedikdə: Dövlət satınalmaları haqqında qanunun 1.2–1.6-cı maddələrinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir.
Həm özəl sektor, həm də dövlət sektoru üçün yuxarıda qeyd etdiyimiz “nümunə” problemi aktualdır. Fikrimcə sənaye sahələri üzrə ələ alsaq suala daha aydın cavab verə bilərik. Məsələn, istehsal sahələrində ehtiyyat hissə alışları üzrə tender keçirilən zaman nümunə təqdim edilməsi prioritet deyil, ehtiyyat hissə nömrəsi (part number) əsasında alış edilə bilər. Həmçinin avadanlıq alışı, IT tenderləri, o cümlədən texniki göstəricilər tam formada verilən, eskizi əlavə edilən, risk dərəcəsi aşağı olan sorğular üçün də prioritet olmaya bilər. Lakin ümumiləşdirib deyə bilmərik ki, “satınalma zamanı nümunə istənilməsi qeyri-qanunidir”.
Xüsusilə marketinq tenderlərində bir qayda olaraq nümunə istənilir. Çünki marketinqin məqsədi bazarda brendin daha çox tanınmasına nail olmaq, satışları artırmaqdır. Daha öncəki məqaləmizdə marketinq və satınalmanın birlikdə işləyərkən yaranan problemləri haqqında yazmışdıq. Marketinq tenderlərində texniki göstəricilər, eskizlər, nə qədər mükəmməl olursa olsun bəzən nümunənin olması şərtdir.
Niyə şərtdir? – Çünki reklam bazarında müxtəlif növ çap avadanlığı, materialı var. Qeyd edilənləri nəzərə alsaq, nümunə təqdim edilməsi şərtdir
Özəl təşkilatlarda adətən bürokratik proseslər çox olmur. Əgər sifarişçi qiymətə deyil, keyfiyyətə üstünlük verəcəksə, öncədən tender prosesində şərtlər toplusu formalaşdırılarkən (ƏŞT) nümunənin də istənilməsi, dəyərləndirmə prosesində ƏŞT-də göstərilən meyarlar əsasında tender qalibinin seçimi olur.
E-huquq saytında vəkil dostumuz satınalmalar haqqında qanuna istinad edərək satınalan təşkilatın müqavilə bağlamadan nümunə istəməsini qanuna zidd olaraq şərh edib. Öncədən onu qeyd edək ki, bu prosesdə bir alan tərəf var, bir satan tərəf. Həmin məqaləni nəzərdən keçirsək hiss etmək olar ki, satan tərəfdən çıxış edilir, ancaq alan tərəfin riskləri nəzərə alınmır. Belə ki, nümunə istənilmənin səbəbi odur ki, tender prosesində lazım olan bütün proseslər nəzərə alınaraq qərar verilsin. Sonradan yaranacaq vaxt itkisi, maliyyə itkisi kimi risklər öncədən dəyərləndirilsin.
Həmin məqalədə istinad edilən qanunda ümumiyyətlə nümunənin istənilməsi ilə bağlı bənd yoxdur. Ancaq istinad edilən 50-6.1-ci maddədə qeyd edilir: Elektron satınalma nəticəsində bu Qanunun 37.7-ci maddəsinə əsasən müəyyən olunan ən aşağı qiymət təklifi və ya keyfiyyət və texniki cəhətdən ən sərfəli təklif qalib hesab olunur. “Ən aşağı qiymət təklifi..” hissəsinə qədər hər şey qaydasındadır, ancaq keyfiyyətin meyarı nümunə əsasında da ölçülə bilir. Yəni dolayısı ilə nümunənin istənilməsi qanunidir. Onu da qeyd edək ki, tender ƏŞT formalaşdırılarkən hansı meyarlar əsasında seçim ediləcəyi açıq qeyd edilir, yəni satınalma yalnız qiymətə fokuslanmaya bilər.