Hər il qlobal istiləşmə ilə bağlı konfranslar, sərgilər olur. Siyasi partiyalar yaşıl enerjiyə keçilməsi ilə bağlı propoqanda aparırlar, ciddi büdcə ayırırlar, transmilli neft şirkətləri yaşıl enerjiyə yatırım edirlər, çünki hər kəs eyni gəmidə olduğunun fərqindədir.
Bp -nin 2030, SOCAR -ın 2035 hədəfləri, ARAMCO , CNPC – kimi nəhəng neft-qaz şirkətlərinin yaşıl enerji hədəfləri var. Bu sahədəki siyahını artırmaq olar. Kömür sənayesindəki şirkətlər, o cümlədən birbaşa vəya dolaylı olaraq hava çirkliliyinə səbəb olan bütün sahələrdə belə şirkətlər mütləq vardır. Ancaq burda diqqətimizi çəkən ən önəmli məqamlardan biri də odur ki, “öncə əşyanın kimyasını pozub, sonra kimyəvi üsullarla əşyanı əvvəlki vəziyyətinə qaytarmaq istəyi” insanın xarakterinə o qədər hopub ki, çarəsiz şəkildə çabalayır.
1000 illər öncə Neolit inqilabını edən də, sonrakı sənaye inqilablarını edən də eyni insandır. Dəyişən nə olub, sayımız artdıqca dünyaya yükmü olmuşuq?!
Bu yazını yazdığım vaxtda telefonun ekranın gələn bildiriş belədir: “İyun ayı Avropada tarixi boyunca ən isti ay olub.” Dünyanın ən isti yerlərindən olan Afrika materiki ilə bağlı tək-tük başlıq görərik, oradakı istiləşmənin gətirdiyi fəlakətlər ikinci plana keçib. Məsələn, Nil çayının yuxarı axarının quruması, Asiyadakı çayların, göllərin artıq yox olduğu, ordakı insanların susuzluqdan köç etdiyi bir həqiqətdir.
Bu məqaləni yazarkən qarşıma çıxan bir fəlsəfi fikir də düşüncələrə aparır. Yəqin ki, adını çox da eşitməmişik – Stoaçılıq fəlsəfəsi. Fəlsəfənin ana fikri təbiətin bir bütün olduğudur. Bir bütün olan təbiət birbirinə təbii bağlarla bağlı olan canlı bir orqanizm kimidir. İnsan, təbiətə uymasa pislik etmiş olur və bu da təbiətin tarazlığını pozur.
Onlara görə ideal olan duyğusuz, vurdumduymaz və incinməz olmaqdır. Metaforla belə ifadə edirlər:
İnsan arabaya bağlanmış bir it kimidir, əgər ağıllıdırsa, onunla birlikdə qaçar.
Təbiəti bir arabaya (maşına, çarxa), insanı da bu arabaya bağlanmış bir itə bənzədərək, təbiət və insan arasındakı əlaqəni açıqlamağa çalışmışlar. Onlara görə insan təbiətə uyum gğstərdiyi müddətçə xoşbəxt olmaması üçün heç bir səbəb yoxdur.
Fəlsəfədən günümüzün reallıqlarına qayıtsaq bəlkə də iqlim dəyişikliyində atacağımız bəzi addımlara artıq gec qalmışıq. Məsələ burasındadır ki, iqlim dəyişikliyi deyərkən hərdən bunun yalnız havanın istiləşməsindən ibarət olduğunu, qalan hər şeyin olduğu kimi davam edəcəyini düşünürük. Təəssüf ki, elə olmadığını yaşayaraq görürük. Yüksək dərəcədə istilər bu templə davam edəcəyi təqdirdə havanın keyfiyyətini də aşağı salır. salacaq. Dəmir yolları istidən genişlənməsi, elektrik xətlərinin əriməsi, asfaltların əriməsi və s. bütün bunlar nəticədir.
Azərbaycanın ən isti yerlərindən olan Naxçıvanda artıq buzlaqlar demək olar ki, yox dərəcəsindədir. On – on beş il əvvələ qədər beş min metr hündürlüyü olan Ağrı dağında qalın buz təbəqələri artıq yoxdur. Bir çox yaşayış yerində yeraltı sular çəkilib, çaylar quruyub.
Həyəcan təbili üçün gecmi qalmışıq?!