Bu məqalədə terminlərdən daha az istifadə edərək hər kəsin anlaya biləcəyi, xüsusilə mikro, kiçik sahibkarlıq subyektlərinin də faydalana biləcəyi formada yazmağa çalışacağıq.
Müqavilələrin bir çox növü var. Ancaq biz burda satınalma müqavilələrindən, onun əsas hissələrindən bəhs edəcəyik.
Bir satınalma müqaviləsində razılaşdığınız məbləğ nə qədər önəmlidirsə, müqavilədəki digər şərtlər də razışaldığınız məbləğdən daha az önəmli deyildir.
Dövlətin sahibkarlıq subyektlərini çeşitləndirməsi siyasəti, təşviq etməsi vətəndaşların bu prosesdə daha aktiv iştirakına gətirib çıxarır. O cümlədən sonuncu “Dövlət satınalmaları haqqında” AR qanununa edilmiş dəyişikliklər də bu qəbildəndir.
Kiçik sahibkarlıq subyektlərinin tenderlərdə aktiv iştirak etməsi yaxşı haldır, lakin müqavilə prosesinə yanaşmaları səthidir. Bunu təkcə yeni sahibkarlıq subyektləri deyil, digər kateqoriyadakı şirkətlərə də şamil etmək olar. “Tez müqavilə bağlayım, pul qazanım” prinsipi ilə müqaviləyə yaxınlaşanda zərərlə çıxmaq riski daha çox ola bilər. Müqavilə bağlayan zaman hər iki tərəf (iki tərəfli müqavilələrdə) özü üçün ən yaxşı (sərf edən) şərti qəbul etdirməyə çalışır. Bəzən bu şərtlərin müzakirəsi günlərlə çəkə bilir. Satış edən tərəfin məqsədi pul qazanmaqdır, lakin bunun “ova gedərkən ov olmaq” kimi olmaması lazımdır. Bir satınalma müqaviləsində təməl olaraq nələrə fikir verməliyik (fərqli fikirlər ola bilər):
- Satınalma predmetinin dəqiq, aydın göstərilməsinə
- Malın, xidmətin təhvil müddətinə (başlama vaxtı daxil)
- Təhvil zamanı uyğunsuzluq olduqda qaytarılma şərtinə
- Gecikmə olduqda cərimə faizinə (standartlar)
- Cərimə faizinin yuxarı həddinə
- Təhvil yerinə
- Təhvil zamanı sənədləşmə (sertifikat və s. daxil)
- Zəmanət müddəti (varsa)
- Fors major (force majeure) bəndə (!)
- Müqavilənin xitam şərtinə
Yuxarıdakı təməl başlıqlar bütün müqavilələrdə aydın formada göstərilməlidir ki, daha sonra yarana biləcək hər hansı anlaşmazlıq yaranmasın. Ölkə daxilində bağlanmış müqavilələrdə tərəflər anlaşmazlıqları aşa bilmədikdə yerli məhkəmələrə üz tuturlar. Xarici şirkətlərlə bağlanmış müqavilələrdə bu yerli məhkəmələr olmaya bilər.
Satış edən tərəf müqavilə prosesində daha uyğun şərtlər razışaldırmağa çalışırsa, alış edən tərəf də eynisini edir. Alış edən tərəf olaraq prosesi adətən satınalmaçı aparır. Hələ ki, yerli bazarımız keyfiyyətli satınalmaçı yetişdirmək mövzusunda zəif inkişaf edir. Şirkətlərimizdə bəzi satınalmaçılar var ki, satınalmanı ancaq “sifarişçiyə istədiyi malı aldım verdim, işim bitdi” prinsipi ilə yanaşır. Bu yanaşma ilə baxsaq həmin satınalmaçının bağladığı müqavilələr ciddi risklər, boşluqlarla dolu olacaqdır. Sual yarana bilər ki, müqavilə hüquqşunasın işidir, satınalmaçı nə etsin? Tamamilə haqlısınız, müqavilə hüquqşunasın işidir, ancaq bütün prosesin koordinasiyasını satınalma edir. Bazarda hansı risklərin olduğunu, ola biləcəyini, kontragentin bazardakı imicini, məhsulun qiymət dalğalanması analizini və digər daxili və xarici amillərin təsirini satınalma dəyərləndirib, hüquqa brif verir. Subyektiv fikrim odur ki, bir satınalmaçının qanunlardan məlumatlı olması mütləqdir. Qanunlardan məlumatlı olmadıqda manipulyasiyaya açıq olmuş olursunuz ki, bu da dəyər ifadəsində ciddi itkilər yarada bilər. O cümlədən satınalmaçı hüquqşunasa arxalansa ki, hüquqşunasın hazırladığı müqavilə mükəmməldir əminliklə deyə bilərəm ki, o müqavilənin bəndlərində boşluqlar var.
Yuxarıda qeyd olunan başlıqlar hər iki tərəf üçün keçərlidir. Müqaviləyə baxdıqda ilk fokuslanacağımız yer qiymətin düzgün yazılması, verginin qeyd edilməsi olmamalıdır. Hüquqşunasdan gələn draft müqavilələri nəzərdən keçirib, şərtlərlə tanış olmaq, ən sonda qiymətə baxmaq daha tövsiyyə olunandır.
Növbəti məqalələrdə təməl bəndlər haqqında daha ətraflı qeyd edəcəyik.
Müqavilələriniz çox, riskiniz az olsun!