Ticarət müharibəsi öz ölkəsinin iqtisadiyyatını qorumaq məqsədi ilə başqa ölkədən aldığı məhsula qoyulan verginin artırılmasıdır. Ticarət müharibələrində gömrük vergisi və kvotalardan istifadə olunur.
İstehsal ilə məşğul olan şirkətlər maya dəyərini aşağı salmaq məqsədi ilə daha ucuz xammal axtarışında olurlar.
ABŞ-da polad və alüminium xammalının olmasına baxmayaraq, heç vaxt Kanada və Meksikadakından ucuz olmamışdır. İdxal olunan xammalın ucuz olduğuna görə şirkətlər xarici bazara yönəlmişdilər. Bunun da ABŞ iqtisadiyyatına bir sıra mənfi təsiri olmuşdur:
1- ABŞ-ın bu ölkələrlə mənfi saldosunun olması: ABŞ Kanada və Meksika ilə ümumi 1.1 trilyon dollar ticarət dövriyyəsi vardır, ancaq 90 mlrd. dollarlıq mənfi saldo yaranır. Yəni ölkəyə daxil olan puldan daha çoxu xaricə çıxır.
2- ABŞ-ın polad və alüminium sənayesinin davamlı olaraq daralması və işçilərin ixtisarının baş verməsi.
ABŞ-ın polad və alüminium sənayesinin zəifləməsi müdafiə sənayesinin xaricdən asılı vəziyyətə düşməsinə gətirib çıxarır. Bir hərbi təyyarənin 95%-nin, tankın isə 98%-nin polad və alüminiumdan hazırlanmasını nəzərə alsaq, mövzunun necə əhəmiyyətli olduğunu anlamış olarıq.
ABŞ-ın ticarət müharibəsi etdiyi digər ölkə isə Çindir. Son illərdə Çin ucuz işci qüvvəsindən istifadə edərək və ABŞ-a məxsus patentləri “oğurlayaraq” texnoloji məhsulları daha ucuz qiymətə bazara çıxarmağa başladı. Nəticədə qiymətin daha ucuz olması ABŞ-dakı şirkətlərin yüksək texnoloji məhsulları Çindən idxal etməyə başlamasına gətirib çıxardı. Məsələn, bir il ərzində Çin ABŞ-a 2 dollarlıq məhsul ixrac edirsə, bunun qarşılığında ABŞ Çin-ə 1 dollarlıq məhsul ixrac edə bilir. Yəni qeyd etdiyimiz kimi ölkəyə daxil olan puldan daha çoxu ölkədən çıxır.
Ticarət müharibəsinin məqsədi xarici ölkədən edilən idxalatı azaltmaqdır. Buna görə də ABŞ Çin, Kanada və Meksidan alınan bir sıra məhsullara tətbiq edilən vergini 15%-dən 25%-ə qaldırmışdır. Nəticədə bu ölkələrdən idxal olunan məhsulların qiyməti daha baha olacaqdır. Daha baha olduğuna görə ABŞ-dakı şirkətlər artıq yerli bazardan xammal almağa məcbur olacaqlar. Bu qərarın gətirdiyi dəyişiklərdən biri də yeni iş yerlərinin açılması olacaqdır. Kvotanın tətbiq edildiyi ölkələrə gəldikdə isə onlar başqa alıcı axtarışında olacaqlar, bir müddət istehsal durğunluq vəziyyətində olacaqdır. Ümumi olaraq bu ölkələr üçün mənfi təsirləri belə sıralaya bilərik:
1- Ölkələrin ticarət gəlirləri düşəcək
2- Şirkətlər kiçiləcək vəya bağlanacaq
3- İşsizlik artacaq
4- İqtisadiyyat daralacaq