“Şimali Amerikada bir Nogales şəhəri iki yerə bölünür. Şimala, Santa Cruza baxsanız, Nogales Arizonanı görəcəksiniz. Ev təsərrüfatlarının orta illik gəliri 30 min dollara yaxındır. Gənclərin əksəriyyəti məktəbə gedir və böyüklərin böyük hissəsi orta məktəb məzunlarıdır. Əhali dünya standartlarına görə daha uzun ömürlüdür. Nogales Arizonada təhlükəsizliyi hökümət təmin edir. Bələdiyyə başçıların özləri seçirlər, konqres üzvləri və senatorlar xalq qarşısında hesabatlıdırlar. Demokratik sistem hakimdir.
Çitin cənub tərəfində, yalnız bir neçə addım uzaqda, həyat tamamilə fərqlidir. Nogales Sonora sakinləri Meksikanın nisbətən əlverişli hissəsində yaşayırlarsa da, hər evdə orta hesabla gəlir Arizona ştatının Nogalesinin təxminən üçdə bir hissəsi qədərdir. Sonoradakı Nogales yetkinlərin əksəriyyəti lisey diplomuna malik deyil və gənclərin əksəriyyəti məktəbə getmirlər. Bundan əlavə, sosial sərmayə yox səviyyəsindədir. Qanun və qaydalar daha da pisdir. Cinayət yüksəkdir və biznes qurmaq risklidir. Nogales Sonora sakinləri hər gün korrupsiya və siyasətçilərin bacarıqsızlığı ilə üzləşirlər. Şimaldakı qonşularından fərqli olaraq, demokratiya onlar üçün olduqca yeni bir təcrübədir. 2000-ci ildə siyasi islahatlara qədər Meksikanın böyük əksəriyyəti kimi, Nogales Sonora korrupsiyali İnqilab Partiyası və ya Partido Revolucionario Institucionalın (PRI) idarəçiliyində idi. Bütün bu korrupsiyadan bezən insanlar Meksikanın yüksək təhlükəsizliklə qorunan ABŞ-Meksika sərhədindən həyatlarını təhlükəyə ataraq keçməsi heç də təəccüblü deyil.”
Bir şəhərin iki yarısı bir-birindən necə fərqlənə bilər?[1]
Kitabı oxuduqda dünyada belə şəhərlərin, ərazilərin onlarla olduğunu bilməmək heç də mümkün deyil. Məsələn, Culfa da belə şəhərlərdən biridir.
Bir dövlətin ərazisində olmuş, eyni millət olan lakin bir “fəlakət”[2] sonrası iki hissəyə bölünüb, ayrı quruluşlar tərəfindən idarə olunan şəhərlərə çevriliblər.
10 fevral 1828-ci ildə Rusiya ilə Qacarlar dövləti arasında bağlanmış müqaviləyə görəyə Araz çayı iki ölkə arasında sərhəd xətti oldu. Türkmənçay müqaviləsinin III maddəsində “..Arazın o tayı və.. Naxçıvan xanlığını Rusiya İmperiyasının tam mülkiyyətinə güzəştə gedir” deyilir. Gülüstan müqaviləsində Arazın sol sahilində Qacarların nəzarətində qalan ərazilər bu müqavilə nəticəsində Rusiyanın nəzarətinə keçirdi.
10 fevral tarixi həm də bir qədim mədəniyyət, ticarət mərkəzi olan Culfanın iki ayrı sistem və quruluş tərəfindən idarə olunmasının başlanğıcı idi. Arazın sol sahilində – Rusiya hakimiyyəti olan hissədə iqtisadi, sosial, mədəni inkişaf səviyyəsi sağ sahildə- Qacarların tərkibində olan hissədən bir qədər sürətli getməyə başlamışdı. Buna səbəb isə Çar Rusiyasının Qacarlardan daha inkişaf etmiş olması, Avropada baş vermiş yeniliklərin Rusiyada və imperiyanın ucqarlarına az da olsa, getməsi idi. Baxmayaraq ki, I Nikolay sənaye inqilablarının gətirəcəyi yeniliklərdən qorxurdu, hakimiyyətinə təhlükə ola biləcək hər bir inkişafa mane olurdu. O, hətta çıxışlarının birində “Həm dövlət, həm də istehsalçılar əsas diqqətlərini fabriklərin bir nemət olmaqdan çıxıb, müsibətə çevirəcək mövzu üstündə toplamalıdır. İşçilərin əxlaqi yöndən təsirli nəzarətə tabe tutulması lazımdır. Əks-təqdirdə bu xalq kütləsi gedərək əfəndiləri üçün təhlükəli olan bir sinifə çevriləcəklər” deyirdi. Qacarlar isə sənayenin inkişafında maraqlı deyildi. Digər tərəfdən Fətəli şahdan sonra ingilislərin nüfuz dairəsinə keçməsi, 1870-ci illərdə iqtisadiyyatın çökməsi, Rusiyanın, Britaniyanın ucuz məhsullarının ölkəyə daxil olması da daxili bazarın zəifləməsinə təsir etmişdir. Çarın və ya Şahın izlədiyi iqtisadi siyasət imperiyanın ucqarlarına da təsir edirdi.
Sənaye inqilabının ən önəmli ixtiralarından biri dəmiryolları idi. Dəmiryolu həm də iqtisadi inkişaf üçün çox əhəmiyyətli sistem idi. Şimalda 1906-cı ildə Aleksandropol-Culfa dəmiryolu fəaliyyətə başladıqda, cənubda 10 il sonra Təbriz- Culfa istiqamətində qatarlar hərəkət etməyə başladı. Bu həm də İranda ilk dəmiryolu xətti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ələt-Culfa dəmiryolu layihəsi qəbul olunsa da, xəttin çəkilməsi SSRİ tərəfindən II dünya müharibəsi zamanı reallaşdırıldı. Sol sahil Culfasını Gümrüyə[3], Bakıya bağlayan dəmiryolları hər bir sahədə inkişafa təkan verirdi.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “Regionların investisiya reytinqi”[4]ndə ilk onluqdadır. Muxtar Respublikada isə paytaxtdan sonra ikinci yerdədir. Sənaye məhsulunun illik həcmi 7572.7 min manatdır.
Rayonda 27 ümumtəhsil məktəbi, peşə məktəbi, 6 məktəbdənkənar, 30 kitabxana, 37 klub müəssisəsi, 1 muzey, 2 uşaq musiqi məktəbi, «Əlincə» kinoteatrı, mərkəzi xəstəxana, 1 sahə xəstəxanası, 15 həkim ambulatoriyası və s. təşkilatlar fəaliyyət göstərir. 2016-cı ildə rayonun ümumtəhsil məktəbləri üzrə XI sinfi bitirən 402 məzundan 305 (75,8%) nəfəri müxtəlif ixtisas qrupları üzrə ali məktəblərə qəbul olmaq üçün sənəd vermiş, onlardan 172 nəfəri (56,4%) müxtəlif ixtisaslar üzrə ali məktəblərə qəbul olunmuşlar[5].
Sağ sahil Culfasında isə 2005-ci ildə 51 min ha ərazidə “Araz Azad İqtisadi Zona”yaradılıb. Araz Azad Ticarət Zonasında fəaliyyət göstərən 100-dən çox istehsal, sənaye və ticarət şirkəti fəaliyyət göstərir. və onların məhsulları dünyanın bir çox ölkələrinə ixrac edilir. 2014-cü ilin statistikasına görə, AAİZ-dən 66 milyon dollar dəyərində mal ixrac edilmişdir.10 min ton məhsul Gürcüstan, Türkmənistan, Azərbaycan, Əfqanıstan, Pakistan, Türkiyə, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və bir sıra digər Avropa ölkələrinə ixrac edilib[6].
Daha əvvəllər SSRİ və İran arasında mövcud olan gömrük məntəqəsi 1996-cı ildən yenidən fəaliyyətə başlamışdır. Həmçinin İranın şimal-qərb bölgəsinin ən cəzbedici şəhərlərindən biridir. Bunun başlıca səbəbi beynəlxalq yükdaşımaların bu ərazidən keçməsi, ayrıca gömrük məntəqəsinin, dəmiryolunun mövcudluğu da əsas təsiredici qüvvələrdən biridir.
18000 şagird regional məktəblərdə, təxminən illik ortalama 450 tələbə ölkənin müxtəlif universitetlərində təhsil alır. Şəhər əhalisi əsasən, xidmət, inzibati, nəqliyyat, gömrük, bank və sığorta və s. işlərlə məşğul olur. Kənd əhalisinin əksəriyyəti fermerlərdir.[7]
Bütün bu göstəricilərə baxmayaraq, şəhər öz köhnə görünüşünü saxlayır. Müasir görünüşlü binalara rast gəlmək mümkün deyil.
[1] “Ulusların Düşüşü” Daron Acemoğlu, James Robinson; səh10
[2] (İ.M – müharibə, müqavilə nəticəsində vəya referendum nəticəsində ayrılıb)
[3] Aleksandropol
[4] http://iqtisadiislahat.org/store//media/documents/diger/Rayonlarin_Investisiya_Reytinqi.pdf
[5] http://www.tehsilproblemleri.com/?p=14483
[6] http://theiranproject.com/blog/2014/07/08/exports-from-aftz-increased-by-144-pc-official/
[7] https://www.revolvy.com/main/index.php?s=Jolfa,%20Iran%20(city)&item_type=topic