Xülasə
Bu məqalə Azərbaycanda elektrotexnika sənayesinin inkişafının iqtisadiyyata necə təsir edəcəyini və mövcud vəziyyət analiz edilmişdir. Perspektivlər ələ alınmış,dünya bazarına çıxmaq üçün həll yolları göstərilmişdir.
2006-cı ildən başlayaraq Azərbaycanda iqtisadi artım templəri sürətlə artmağa başladı və uzun müddət ilik artım göstəricisinin səviyyəsinə görə dünya ölkələri arasında liderliyini qoruyub saxlaya bilmişdir. Bunun nəticəsidir ki, ölkəmizin illik Ümumi Daxili Məhsulunun (ÜDM) həcmi 2013-cü ildə (57.7 milyard manat) 2005-ci ildəki səviyyədən (12.5 milyard manat) olduğundan 4.6 dəfə çoxdur. Əlbəttə ki, bu sürətli artımda əsası 1994-cü ildə qoyulmuş uğurlu neft strategiyasının nəticəsi olaraq ölkəmizin əldə etdiyi böyük neft gəlirlərinin və bu gəlirlərin ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafına yönəldilməsi həlledici rol oynayır. Ölkənin neft gəlirlərinin istifadəsi hesabına əvvəllər vəsait çatşmazlığı və təsərrüfatsızlıq üzündən tamamilə sıradan çıxmış infrastruktur sahələri sürətlə yenilənir və müasir standartlara uyğunlaşdırılır, qeyri-neft sahələrinin inkişafı üçün sistemli tədbirlər həyata keçirilir. 2010-cu ilədək ÜDM-in əksər hissəsi neft sektorunda yaradılırdı. 2009-cu ildən başlayaraq qeyri-neft sahələrinin inkişafı. Iqtisadiyyatın və ixracın şaxələndirilməsi hökumətin iqtisadi siyasətinin prioriteti kimi bəyan edilib. Bunun nəticədir ki, həmin ildən başlayaraq ÜDM-də qeyri-neft sektorunun payı ildən-ilə artmağa başlayıb. 2012 və 2013-cü illərdə isə neft sektorunun ÜDM-ində ciddi artım olmadığı halda, qeyri-neft ÜDM-nin illik artım templəri 10 faiz səviyyəsində qeydə alınmışdır.
Son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmışdır. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının 4.2 bölməsi “İqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişafı” adlanır. Bu, qarşıdakı dövrdə ölkədə qeyri-neft sektorunun, xüsusilə də qeyri-neft sənayesinin inkişafına hökumətin nə qədər önəm verməsinin bariz göstəricisidir. İnkişaf Konsepsiyasında qeyd olunur ki, “qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin (kimya sənayesi, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti sənayesi və s.) inkişaf etdirilməsi və ixrac imkanlarının artırılması ilə yanaşı, rəqabətqabiliyyətli yeni istehsal sahələrinin yaradılması da dəstəklənəcəkdir. Ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi məqsədi ilə stimullaşdırıcı mexanizmlər tətbiq ediləcək, ixrac yönümlü qeyri-neft sektorunun inkişafı məqsədilə dövlət və özəl sektorun investisiya əməkdaşlığı inkişaf etdiriləcəkdir”.
Bu ilin əvvəlində isə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2014-cü il tarixli Sərəncamı ilə 2014-cü il ölkədə “Sənaye ili” elan edilib və il ərzində ölkədə qeyri-neft sənayesi sahələrinin inkişafına yönəlik bir sıra mühüm qərarların qəbul edilməsi və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Elə Prezidentin həmin Sərəncamından bəlli olur ki, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın işlənilməsi nəzərdə tuutlur.
Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 12 mart 2014cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nı təsdiq edilmişdir. “Tədbirlər Planı”nda ölkənin sənaye-istehsal potensialının, elm və kadr potensialının artırılması istiqamətində əhəmiyyətli tədbirlər nəzərdə tutulur.
Fikrimizcə, ölkəmizdə yeni sənayeləşmə dalğasının başlandığı indiki dövrdə inkişaf təcrübəsi və potensialı baxımından diqqətdə saxlanılası sənaye sahələrindən biri də elektrotexnika sənayesi sahəsidir. Əslində, müasir dövrdə elektrotexnika sənayesi təkcə Azərbaycan üçün deyil, ümumən bütün dünya üçün çox əhəmiyyətli və xüsusilə strateji sahələrdən biridir. Çünki elektrotexnika bütün digər sənaye sahələri ilə sıx bağlıdır. Belə ki, müasir dövrdə hər hansı bir sənaye sahəsi rəqabətqabiliyyətli məhsul istehsal etmək üçün mütləq elektrotexnika sənayesinin məhsullarından istifadə etməli olur. Məsələn, hətta yüngül sənayeyə aid olan bir xalçaçılıq müəssisəsi belə yüksək keyfiyyətli, alıcıların diqqətini cəlb edən məhsul istehsal etmək üçün avtomatlaşdırılmış avadanlıqlardan, yəni elektrotexnika sənayesinin məhsullarından istifadə etməyə vadar olur. Bu misalı istənilən sənaye sahəsinə aid etmək olar. Çünki, yüksək texnologiyalar əsri olan XXI əsrdə artıq əl əməyindən, demək olar ki, istifadə olunmur və bütün istehsal sahələri sürətlə avtomatlaşdırılır və yüksək texnologiyaların tətbiqinə əsaslanır.
Elektrotexnika sənayesi həm də mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edən sahədir. Belə ki, bu sahənin bilgisayarlar, telefonlar, yüksək texnologiyalı məhsullar, kosmik aparatlar, dəqiq diaqnoz verə biləcək tibbi ləvazimatlar və başqa bu cür məhsullarını göz önünə gətirmək kifayətdir ki, cəmiyyətin sosial rifahına sahənin töhfəsini başa düşək.
Araşdırmalar göstərir ki, iqtisadi baxımdan dünyanın aparıcı ölkələri sayılan ABŞ, Almaniya,Yaponiya, İtaliya, Böyük Britaniya, Fransa kimi ölkələri elektrotexnika və elektron məmulatları istehsalına çox böyük önəm verirlər. Bunun da başlıca səbəbi, yuxarıda qeyd etdiyimiz kimi, XXI əsrin məhz yüksək texnologiyalar əsrinin olması, müasir dinamik rəqabət şəraitində yüksək texnologiyalarsız inkişafın mümkünsüzlüyüdür. Bu ölkələr də həm yüksək keyfiyyətli elektron məhsulların istehsalı, həm də daha müasir texnologiyaların yaradılması sahəsində kəskin rəqabət aparırlar. Eyni zamanda diqqətdə saxlanmalıdır ki, yalnız inkişaf etmiş ölkələr deyil, həm də “gec sənayeləşmiş ölkələr” qrupuna aid edilən Sinqapur, Cənubi Koreya, Malayziya, İndoneziya kimi yeni sənayeləşmiş ölkələrdə də elektrotexnika sənayesi ölkənin rəqabət qabiliyyətliliyinin artırılmasında həlledici rola malik olmuşdur. Məsələn, Cənubi Koreyanın “Samsung” şirkəti bu ölkəni dünya bazarında tanıtmağa kifayət edir. Bu faktlar sahənin önəmini bir daha təsdiq edir.
Elektrotexnika sənayesinin hər hansı bir ölkənin intisadi inkişafının sürətləndirilməsi üçün önəmi onun digər sənaye sahələrini texnoloji baxımdan təkmilləşdirməsi, onların rəqabət qabiliyyətliliyini artırması, məhsullarının keyfiyyətini yüksəlməsində oynadığı roludur.
Hazırda Azərbaycanda elektrotexnika sənayesinin inkişafının mövcud vəziyyəti o qədər də ürəkaçan vəziyyətdə deyil. Belə ki, hazırda ölkədə əhalinin və sənayenin istifadə etdiyi elektrotexnika məhsullarının əksər hissəsi ölkəyə idxal olunur..
Ölkəyə idxal olunan mallar (mln ABŞ dolları)
Məhsulun adı | 2010 | 2011 | 2012 | 2013 |
Maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələr | 1 902, 6 | 3 036,6 | 2 629,6 | 2 758,3 |
qaynaq: Statistika Komitəsi
Cədvəl məlumatlarından görünür ki, hər il ölkəmizə təqribən 2,5 – 3 milyard dollarlıq elektrotexnika məhsulları idxal olunur. Ölkəmizdə bu sahənin inkişafı bu qədər vəsaitin ölkədən xaricə axınının qarşısını almaqla, vəsaitin ölkəmizə investisiya olunmasına, çoxlu sayda iş yerlərinin açılmasına gətirib çıxara bilər. Bundan başqa, ölkəmizdə istehsal edilən elektrotexnika məhsulları üçün İraq, Pakistan, Afqanıstan, Tacikistan, Türkmənistan və bir sıra başqa ölkələrdə geniş bazarlar təmin etmək olar.
Bu sahənin inkişaf etdirilməsindən danışarkən qeyd edilməlidir ki, elektrotexnika sənayesi elm və bilik tutumlu sahədir, yəni bu sahənin inkişafı həm də ölkədə təhsilin keyfiyyətcə inkişafını həm tələb edir, həm də bu sahənin genişlənməsi ölkədə elm və təhsilin inkişafına təkan verir.
Ölkəmizdə elektrotexnika sənayesinin zəif inkişafı bir çox amillərlə bağlıdır. Bunlardan biri ötən əsrin 90-cı illərdən başlayaraq ölkəmizdə gedən “beyin axını”dır. Aydındır ki, hər-hansı bir ölkədə baş verən “beyin axını” həmin ölkənin gələcək iqtisadi inkişafına ciddi problemlər yaradır. “Beyin axını”, bir tərəfdən, həmin dövrdə və sonrakı illərdə ölkədə elmə və elm adamlarına tələbin azalması, digər tərəfdən isə, elm və təhsil işçilərinin əməyinin “ucuzlaşması” ilə əlaqədardır. Hətta son dövrlərdə də ölkəmizdən gedib xaricdə – dünyanın güclü ali məktəblərində təhsil alan gənclərimiz elə xarici ölkələrdə qalıb işləməyə üstünlük verirlər. Çünki, həmin ölkələrdə belə kadrlara yüksək əməkhaqqı və öz inkişafları üçün geniş imkanlar yaradılır. Azərbaycanda isə hələ də belə imkanlar mövcud deyildir.
Araşdırmalarımız göstərir ki, ”beyin axını” problemi SSRİ-nin dağılmasından sonra təkcə Azərbaycan üçün yox, bütün digər İttifaq respublikaları üçün də ciddi şəkildə mövcud olub. Həmin illərdə Şərqi Avropa və Asiyanın bir çox ölkələrində də bu problem vardı. ABŞ-ın son onilliklərdə dünyanın lider ölkəsinə çevrilməsinin başlıca mənbələrindən biri də həmin ölkədə elmin yüksək inkişafı və bacarıqlı və istedadlı insanların həmin ölkəyə “axması” ilə bağlıdır. Məsələn, dünya şöhrətli alim Lütfi Zadə[1] kimi bir çox şəxslər ABŞ-ın elektrotexnika sənayesi sahəsində lider dövlət çevrilməsinin başlıca səbəbidir. Bu o deməkdir ki, sürətli inkişafı hədəflənmiş hər bir ölkə nəinki. Xaricə “beyin axını”nın qarşısını almağa, həm də xaricdən özünə “beyin gəlişi”nə nail olmağa çalışmalıdır.
Ümumiyyətlə, ölkədə elektrotexnika sənayesinin inkişaf problemləri sırasında aşağıdakıları qeyd etmək olar:
1.“Beyin axını” problem
- Əmək haqqının aşağı olması
- Bu sahədə çalışan insanlara inkişafları üçün şəraitin olmaması
- Ölkənin texniki və texnoloji cəhətdən geri qalması
- Yüksək ixtisaslı kadrların olmamsı
- Ali və orta ixtisas təhsilinin müasir dövrün tələblərinə uyğun qurulmaması
- Texniki və texnoloji innovasiyanın sahəyə tətbiq edilməməsi və s.
Bütün bu problemlər sahənin inkişafına əngəl törədir və bu problemlərin hamısı bir-birilə əlaqəlidir.Yəni, bu problemləri kompleks həll etmək lazımdır.
Respublikamızın elektrotexnika sahəsindəki mövcud problemlərinin aradan qaldırılması üçün bir çox tədbirlər görmək olar.Həmin tədbirlərin ən ümdə gələni ETT-nin istehsal prosesinə tətbiqi və onun geniş imkanlarından istifadə edilməsi prosesidir. Bundan əlavə ETT-nin yüksək səviyyəli bilik və bacarıqlarla texnologiyaya tətbiqi əsas götürülməlidir. Bununla yanaşı, elektrotexnika sahəsinin inkişaf etdirilməsi üçün aşağıdakı tədbirlər həyata keçirilməlidir:
- Bu sahəyə tələbələrin, sahibkar və investorların marağının artırılması
- Bu sahəyə investisiya qoyuluşlarının stimullaşdırılması
- Sahəyə ETT-nin, innovativ və klaster inkişaf konsepsiyasının tətbiqi
4.Yüksək ixtisaslı kadrların hazırlanması
- Milli innovasiya sisteminin yaradılması və s.
Qeyd etməliyik ki, son illərdə ölkədə qeyri-neft sektorunun unkişafı ilə əlaqədar elektrotexnika və elektronika sahələrinin inkişafına da diqqət artırılıb. Bu sahənin inkişafı məqsədlərinə xidmət edəcək yüksək ixtisaslı kadrların hazırlanması üçün yeni və müair standartlara cavab verən ali təhsil müəssisələri yaradılmaqdadır. Məsələn, Bakıda Yüksək Texnologiyalar Universitetinin yaradılmasını buna misal göstərmək olar. Ölkəmizdə yaradılmaqda olan sənaye parklarında elektrotexnika sənayesi müəssisələrinin də yaradılması nəzərdə tutulur.
2014-cü ilin “Sənaye ili” elan edilməsi bütün sənaye sahələrinin inkişaf etdirilməsinin qarşıya məqsəd qoyulduğunu göstərir. Hazırkı mərhələdə, müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla, sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir.
[1] Lütfi Zadə – Azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru. Bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.