3 fevral 1509-cu ildə Diu dəniz döyüşündə Portuqaliyanın Osmanlı və Venesiyanın dəstəklədiyi Məmlük, Qucarat Sultanlığı və Kəlküttə Krallığının birləşmiş donanmasını məğlubiyyətə uğratması ilə strateji əhəmiyyətli Hörmüz boğazı itirildi.
Hörmüzün strateji əhəmiyyəti nə idi ki, 113 il sonra Şah Abbasda boğazı geri almaq zərurəti yaratdı?
Diu dəniz döyüşünün (II Çaul döyüşü) nəticəsində Səfəvilər Hind okeanına çıxışlarını itirdilər. Halbuki XVI əsrdə Böyük İpək Yolu – Şərq-Qərb marşrutu üçün Hind okeanı və xüsusilə, Ərəbistan dənizi, Hörmüz boğazı və Fars körfəzi xüsusi önəm kəsb edirdi. Afrikanın cənubundan – Ümid burnundan dolaşaraq gələn avropalı tacirlərin təhlükəsizliyini təmin etmək və bu yola nəzarəti bir əsr boyunca Portuqaliya etdi. Nəzarət kimdə idisə, güc də onda idi.
Ümumiyyətlə İran coğrafiyasında yaranan türk dövlətləri donanma qurmağa maraq göstərməmişlər. Hətta Xəzərin böyük hissəsinə nəzarət etsələr də belə yalnız balaca ticarət qayıqları olmuşdur (P.S IX-X əsrdə mövcud dövlətlərin yetərincə balaca donanması mövcud olub, ancaq əgər buna donanma demək olarsa).
Şah Abbas hakimiyyətə gəldikdən sonra bir çox sahədə reformlar həyata keçirdi. Qərbdə Osmanlının nəzarətinə keçirdiyi torpaqları və Şərqdə itirilmiş torpaqları geri almaqdan tutmuş, orduda bir çox islahat keçirdi.
Ancaq itirilmiş Hörmüzü geri qaytarmaq nə Naxçıvanı Osmanlılardan, nə də Nişapuru özbəklərdən geri almaq kimi quru müharibəsi – ənənəvi müharibə üsulu ilə mümkün deyildi (XVII əsr və hələ də Səfəvilərin donanması yoxdur).
1621-ci ildə Şah Abbas portuqallara qarşı ingilislər ilə müqavilə bağladı. Müqavilənin şərtlərinə görə:
- Ələ keçirilən bütün qənimətlər bərabər bölüşdürüləcək
- Hörmüz qalasına hücum eyni vaxta olacaq
- Adanın gömrük vergiləri bərabər olaraq Səfəvi ilə Şərqi Hindistan şirkəti arasında bölünəcək. İngiltərədən Səfəvi şahına gələcək ticari mallar vergidən azad olacaq
- Savaşdan sonra xristian əsirlər İngiltərəyə, müsəlman əsirlər Səfəvilərə veriləcək
- Savaşın bütün xərclərini iki tərəf arasında bölünəcək
19 aprel 1622-ci ildə ingilislərin köməyi ilə Səfəvilər Hörmüz qalasını geri aldılar. Nəticə etibarı ilə adanın geri alınması Fars körfəzində nəzarətin Səfəvilərə keçməsinə gətirib çıxardı. Ancaq Şah Abbas ingilislərlə bağladığı müqavilədə göstərilən imtiyazları onlara vermədiyi kimi, əllərinə keçən qənimətləri də ucuz qiymətə onlardan almış və Hörmüz qalasını dağıtmışdır. Alternativ olaraq Bəndər Abbası (Abbas Limanı) qurmuşdur. Lakin təbəəsinin dəniz ticarətini sevməməsi limanın sadəcə, ingilis və hollandiyalıların istifadəsinə gətirib çıxarmışdır.