Son zamanların trendlərindən biri də “storytelling” -dir. İstənilən mövzuya bədiilik qataraq milyonlara çatmaq daha asandır. Məncə son yüz ildə sözün gücündən ən çox siyasilər məharətlə istifadə ediblər. İkinci dünya müharibəsi ərəfəsinə baxsaq bunun bariz nümunələrini görə bilərik. Vəya körfəz müharibəsinə və s. Bəzən görünənlə həqiqət fərqli olur. Hadisənin görünən hissəsi manipulyasiyaya açıq olur, həqiqətə daha sonra vaqeə olursan. Günümüzün reallığında kimilərinə hadisənin görünən hissəsi (zahiri), qalan hissəsinə isə həqiqət maraqlıdır (batini).
Günümüzün reallığında şəhər əfsanələri o qədər yayqındır ki, həqiqətin nə olduğu o qədər də maraqlı olmur. Bu yaxınlarda bu yazının ilkin versiyasını dostuma göndərmişdim ki, fikir bildirsin. O yazı burda paylaşacağım ilkin mətindən fərqlidir. Onun verdiyi rəy başqa bir baxış bucağı yaratdı. Hər zaman fikirləşmişəm ki, xarici turist bir yerə gedərkən daha çox oranın keçmişi, mədəniyyəti, musiqisi, yaradıcılığı ilə maraqlanır. Yəni keçmiş onu daha çox çəkir. Ancaq burda fərqli baxış bucağı odur ki, turist artıq keçmişlə maraqlanmır. Onu yeniliklər daha çox çəkir. Yəni biz turist olaraq bir yerə gedərkən hekayəmi bizi maraqlanırır ya oranın yeniliklərimi? Bu sualın cavabı da birmənalı olmayacaq.
Ancaq gözardı edə bilməyəcəyimiz bir reallıq var ki, dünyanın istənilən yerinə getsəniz orda bir əfsanə, hekayə var. Turisti çəkən odur. Aşağıdakı statistikadan aydın görmək olur ki, hər il Fransanı milyonlarla insan turist kimi ziyarət edir. Onları ora çəkən əfsanələşmiş keçmişmidir ya bugünüdür? Əslində bu sual bütün ölkələr üçün xarakterikdir.
Turizmdən danışarkən əlbəttə ki, bürokratiyanın olmaması, logistika, viza, hotel və s. kimi məsələlər xüsusilə qeyd edilməlidir. Ancaq digər tərəfədən də bir turistin gəlməsi üçün də cəlbedicilik olması lazımdır.
Turizm Agentliyinin saytında maraqlı məlumatlar tapmaq olur. Məsələn, 2022 -ci il göstəricilərinə görə ölkəyə ən çox ruslar gəlib. Daha sonra türklər, iranlılar, ərəblər və s. davam edir.
Agentliyin saytında ölkələr üzrə orta qiymət göstəriciləri diaqramında belə bir məlumat da var. Məncə burda ya xəta var, ya da məqsəd başqadır. Çünki müqayisə məntiqi ilə ölkə ilə ölkə müqayisəsi aparılmalıdır, İstanbul isə ölkə deyil.
Burda qeyd edəcəyim istiqamət Naxçıvanla bağlı olacaq. Uzun illər blokadada olması, yerli idarəetmənin də blokadadan istifadə edərək öz məqsədləri üçün bürokratik əngəllər yaratması turizm sektoruna ciddi ziyan vurub. Üç il əvvələ qədər Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması da turizm üçün bu bölgələri riskli bölgələr qrupuna salırdı. Ancaq mövcud vəziyyətin yavaş-yavaş dəyişməsi, yaxın gələcəkdə Zəngəzur koridorunun da açılması vəziyyəti köklü dəyişdirəcək. İndiyə qədər aparılan uğursuz turizm strategiyasını kənara qoyub, yeni reallıqlar əsasında strategiyalar hazırlamaq lazımdır. Hər bir turistik sahəyə fərdi yanaşılması şərtdir.
Aşağıdakı cədvəldə daxili turizmin illər üzrə müqayisəsi verilib. Naxçıvan daxil heç bir region 2019 -cu ilin göstəricilərinə hələ də çatmayıb.
Naxçıvan üçün turizm mövzusunda əsas iqtiqamətlər seçilməlidir (məsələn, Nuh, Əshabi-Kəhf və Topal Teymurla bağlı olan Əlincə qalasıdır (bu mövzuların xitab etdiyi kütlə böyükdür)). Digər mövzular alt başlıqlar olaraq ələ alına bilər. Ana başlıqların işlənməsi, toponimlərin ələ alınması, hekayələşdirilməsi mütləqdir.
Viktor Hüqonun “Paris Notr-dam kilsəsi” əsəri ilə həmin kilsə həm simvolik bir yer olub, həm də il ərzində milyonlarla turisti cəlb edir. Sagrada Familia bir çox əsərin mövzusu olub, hekayələşdirilib. Bu kimi nümunələri çoxaltmaq olar. Nümunlər çoxdur. Bu nümunlər bizim yol xəritəmiz ola bilər.
Hekayənin gücünə inanmaq lazımdır.