İnqilab və sənaye istehsalında inqilab
İnqilab (ər. “çevriliş”, “dəyişiklik”; lat. “revolutio” – “çevriliş”, “dəyişiklik”) — təbiətdə, cəmiyyətdə, təfəkkürdə əvvəlkinə nisbətən radikal, köklü, keyfiyyət dəyişiklikli keçid.
İnqilab inkişafdakı keyfiyyət dəyişikliyidir. Bir qayda olaraq islahatların ya keçirilmədiyi və ya az keçirildiyi həlqələrdə baş verir.
İnqilablar bütün sahələrdə ola bilər, məsələn, sosyal, mədəni, iqtisadi və s. Biz bu yazımızda sənaye inqilabları haqqında danışacağıq.
İstehsal sahəsində biri kənd təsərrüfatı (neolit inqilabı) digər üçü isə sənaye olmaqla 4 böyük inqilab olub. Ardıcıllıqla bunlara baxaq:
Neolit inqilabı
İnsanlar eradan əvvəl X minilliyə qədər, yəni neolit dövrünə qədər daha çox ovçuluqla məşğul olur, sürü şəklində köçəri həyat sürürdülər. İstehsal etdikləri yalnızca heyvan öldürməyə və özlərini müdafiə üçün daşdan hazırlanmış silahlar və üşüməmək üçün ovladıqları heyvanların dərisindən hazırlanmış paltarlardı. Bütün bunları nəzərə alsaq insanlar yalnız istehlakçı idilər. Ancaq eradan əvvəl X minillikdə ibtidai insanlar ilk dəfə oturaq həyata keçərək buğda və digər bitkiləri əkməyə, heyvanları əhilləşdirməyə başladılar. İnsanın istehlakçı mövqeyindən həm də istehsalçı mövqeyinə keçməyi çox böyük iqtisadi inqilabdır.
Birinci sənaye inqilabı və ya Sənaye 1.0
1712-ci ildə buxar maşının kəşfi istehsal sahələrində yeni bir səhifənin açılmasına səbəb oldu. Bu yeni kəşf ilə buxar maşını sənayenin bir çox sahələrində dəyişikliklərə yol açdı. Tekstil sənayesində başlayan bu dəyişim, başda kimya sənayesi olmaqla, digər sahələrə də yayıldı. Dəmiryolu şəbəkəsinin inkişafı, bu inqilabın da inkişafına şərait yaratdı. Sənaye 1.0 istehsalın mexanikləşməsi və əldə edilən məhsulların dəmiryolu şəbəkəsi ilə istehlak rayonlarına daşınması olaraq qəbul edilir.
İkinci sənaye inqilabı və ya Sənaye 2.0
İkinci sənaye inqilabı istehsal sahələrində elektrikdən istifadə olunmağa başlanması ilə ortaya çıxıb. Elektrikdən ilk dəfə istifadə ABŞ-da heyvan kəsimində istifadə olunub, lakin kompleks şəkildə Ford Motor Fabriklərində ardıcıl (seriyalı) istehsal xətləri ilə oldu. Ford Motor fabriklərinin avtomobil istehsalında tətbiq etdiyi bu sistem istehsalın həcminin böyüdülməsinə , maya dəyərinin və məhsulun qiymətinin ucuzlaşmasına səbəb oldu. Bu inqilabın yaratdığı iqtisadi səmərəliliyin artmasında avtomobil yolları şəbəkəsinin böyüməsi önəmli rol oynadı. Sənaye 2.0 istehsalın mexanikləşdirilərək seriyalı istehsala keçilməsi və istehsal olunan məhsulların dəmiryolu ilə həm də magistral yollarla istehlak royanlarına çatdırılması olaraq qəbul edilir.
Üçüncü sənaye inqilabı və ya Sənaye 3.0
1970-ci illərdə istehsal olunan məhsulların avtomatlaşması yeni bir dönəmdən xəbər verirdi. Avtomatlaşdırma istehsalın daha çox insansızlaşdırması kimi qəbul olunur və insan xətalarını da optimallaşdırır.Beləliklə 1970-lərdən indiyə kimi davam edən yeni sənaye inqilabı başlamış oldu. Bu müddət ərzində bilgisayarlardan istifadə, smartfonların, internetin geniş yayılması istehsala böyük təsir etdi. Sənayenin qloballaşması da bu dövrdən başladı. Sənaye 3.0 insan əməyindən az istifadə edilməsi və istehsalın avtomatlaşdırılması olaraq qəbul edilir.
Bura qədər saydığımız inqilabların iki əsas özəlliyi var:
1. İnqilablar arasındakı məsafələr qısalır. Neolit inqilabı ilə ilk sənaye inqilabı arasından təxminən on iki min il (12000) vaxt keçdi. Sənaye 1.0 ilə 2.0 arasındakı vaxt təxminən 80 il, Sənaye 2.0 ilə 3.0 arasında 120 il, Sənaye 3.0 ilə 4.0 arasında cəmi 70 ildir.
2. İnsan əməyinə ehtiyac azaldı. Hər bir sənaye inqilabı istehsal sahələrində bir öncəki istehsal sahəsinə görə insan əməyinə olan ehtiyacın daha da azalmasına gətirib çıxardı.
Yeni bir sənaye inqilabı: Sənaye 4.0
Dünya iqtisadiyyatının qloballaşması ən çox iki sahədə özünü göstərdi:
1. Kapital axınlarının sərbəstləşməsi
2. İstehsalın yer dəyişdirə bilməsi
Birincinin nəticəsi olaraq kapitalın ən çox pul qazanıla biləcək sahələrə və yerlərə getməyə başladı. İkincinin nəticəsi olaraq da istehsal ucuz işçi qüvvəsi olan yerlərə yönəldi. İstehsalın ən ucuz edilə biləcəyi yerlər, ucuz əmək və aşağı vergi ( və ya vergi güzəştləri) başda Çin olmaqla Uzaq Şərq ölkələri idi. 1980-ci illərdən başlayaraq ABŞ və Avropa kapitalı istehsal mərkəzlərini bu ölkələrdə yerləşdirdilər. Çin və digər Uzaq Şərq ölkələri bir müddət amerikalı və avropalı firmaların istehsal mərkəzləri oldu və hələ də belə davam edir. Artıq bir müddət sonra bu ölkələr həmin məhsulları özləri də istehsal etməyə başladılar. Çin və digər Uzaq Şərq ölkələri yavaş-yavaş başqaları üçün istehsal etməkdən çıxıb, öz markaları altında istehsala başladılar. Bu gün yalnızca Çin mallarını satan çox sayda internet satış saytları var.
Aşağıdakı tablo 2006 – 2011-ci illər arasında sənaye məhsullarının satış gəlirlərindəki fərqi göstərir (mlrd USD, qaynaq: Ali Rza Ersoy: On the Way to Industry 4.0, March 2016)
Ölkə
|
2006
|
2011
|
Fərq (%)
|
Avro bölgəsi
|
550
|
620
|
13
|
ABŞ
|
280
|
280
|
0
|
Almaniya
|
190
|
220
|
16
|
Rusiya
|
10
|
15
|
50
|
Çin
|
170
|
580
|
241
|
Tablo bizə Çinin sənaye məhsulu istehsalındakı sürətli inkişafını göstərir. Alman höküməti Şərqin Qərbi keçdiyini və aranın sürətlə açılmaqda olduğunu görərək 2011-ci ilə Hannover sərgisində Sənaye 4.0-ı gündəmə gətirdi.
Sənaye 4.0 ,əsasən, emal sənayesində bilgisayarlaşmanın ən üst səviyyəyə çıxarılması və dolayısı ilə istehsalın yüksək texnologiya ilə təchiz etməyi hədəfləyir. Burada üç təməl məqsəd var:
1. İstehsalda insan əməyinin ən aza endirilməsi və yolla istehsaldakı xətaları aradan qaldırmaq
2. İstehsalda çeviklik və bu yolla istehlakçıya xüsusi məhsul istehsal etmək imkanı yaratmaq
3. İstehsalın sürətləndirilməsi
Bu məqsədlərə çatıldığında Çin və Uzaq Şərq ölkələrinin ucuz əməklə əldə etdikləri rəqabət üstünlüyü aradan qalxacaq. İstehsalçı ilə istehlakçı razılaşması daha sadə və rahat olacaq.
Almanlar tərəfindən ortaya atılmış olsa da, bu gün ABŞ və digər Avropa ölkələri Sənaye 4.0 üstündə ciddi iş aparırlar.